Göz Qapağı İltihabı (Blefarit)
Cinsiyyətindən asılı olmayaraq hər yaş qrupunda
rastlanan geniş yayılmış bir göz xəstəliyidir. Xəstəlik ön blefarit və arxa
blefarit olaraq iki hissəyə bölünür. Ön blefaritdə göz qapağının kənarı və kirpiklər
təsirə məruz qalır. Blefarit bədəndəki
bakteriyaların həddindən artıq
çoxalması və dərinin yağlı/pullu olması nəticəsində formalaşır. Arxa blefaritdə
isə qapağın gözün içinə toxunan hissəsi təsirə məruz qalır, göz yaşı yağ bezlərinin
normal işləməməsi ilə əlaqəlidir.
Göz qapağı iltihabı necə müəyyən olunur?
Hər yaşda müşahidə oluna bilən bu xəstəlik,
simptomları ilə qısa müddətdə özünü göstərir. Bu simptomlardan birincisi və ən əsası
göz qapağında şişlik hissidir. Bu vəziyyət bəzən kənardan aydın şəkildə görünə
bildiyi kimi, bəzən isə yalnız xəstə tərəfindən hiss olunur. Digər bir simptom
isə kirpik bölgəsində qızartı şəklində özünü göstərir. İşığa həssaslıq da xəstəliyin
simptomları arasındadır. Xəstəliyin müayinəsi ilə qısa müddətdə diaqnoz qoyula
və dərman müalicəsinə başlanıla bilər. Müalicə evdə də davam etdirilə bilər,
ancaq həkim nəzarəti altında sağalma prosesi daha da sürətlənmiş olacaq.
Göz qapaqlarının iltihabı zamanı diaqnozun
qoyulması
Göz qapağı iltihabı, yəni arpacıq xəstəliyinin
diaqnozu üçün göz müayinəsi ilə yanaşı,
eyni zamanda göz qapağının daxili müayinəsinə də ehtiyac vardır. Əl və göz
proseduru ilə aparılan müayinə nəticəsində müalicə prosesi planlaşdırılır və dərman
müalicəsi ilə bir həftəlik qısa müddət ərzində müalicənin nəticəsini görmək
mümkündür.
Göz qapağı iltihabının səbəb olduğu xəstəliklər
Blefarit, göz qapağı vəzisində təkrarlanan, kəskin
iltihablara (arpacıq) və sərt şişliklərə (xalazion) səbəb ola bilər. Xüsusilə
yaşlılarda kirpiklərin içə dönməsi, gözə batması və tökülməsi kimi problemlər
meydana gələ bilər. Göz qapağı iltihabı gözün görmə funksiyasına təsir göstərmir.
Çox nadir hallarda kornea təbəqəsinin iltihabına və görmə problemlərinə səbəb
ola bilər.
Göz qapağı iltihabı, göz içi əməliyyatı etdirəcək xəstələrdə,
əməliyyatdan sonra infeksiya riskini artıra bilir.
İltihab əleyhinə alınacaq tədbirlər
Göz qapağı iltihabının qarşısını almaq üçün bir neçə
əsas tədbir alınmalıdır.
Blefaritə yoluxmağın əsas amillərindən biri,
yuyulmamış əllərlə gözlərə təmas edilməsidir. Valideynlər üçün bu məsələni həll
etmək və əl yuma vərdişini inkişaf etdirmək çox vacibdir. Valideynlər bu məsələyə
ciddi yanaşmalı və uşaqlarda əl yuma vərdişini inkişaf etdirməlidirlər.
Yuyulmayan və çirkli əllərdə daha çox
mikrob olduğu üçün göz və ətrafına təmas olduqda mikroblar bura yerləşir, bu isə
bir çox xəstəliyə, xüsusən də göz iltihabına səbəb ola bilər. Həm uşaqlar, həm
də böyüklər bu mövzuda həssas olmalı və gün ərzində əllərini tez-tez
yumalıdırlar.
Digər bir amil isə linzalardan istifadə edilərkən nəzərə alınmayan
gigiyena qaydalarıdır. Həm gözdəki
refraktiv qüsurlar səbəbiylə, həm də estetik məqsədlər üçün istifadə olunan
linzaların, istifadə edilmədən qabaq linza suyu ilə hərtərəfli təmizlənməsi və
təmiz əllərlə taxılması çox vacibdir. Bu prosedurlara diqqət edilməyən mühitlər
göz qapaqlarının iltihabına daha çox
meyllidir.
Bundan əlavə, gün ərzində makiyajın silinməməsi və uzun müddət dəridə
qalması da göz iltihabına səbəb ola bilər. Bir çox kimyəvi maddədən ibarət olan
bu məhsullar dərimizdəki yağ və ətrafdakı
toz hissəcikləri ilə birləşərək göz
iltihabına və hətta diqqət edilmədiyi təqdirdə daha da ciddi göz xəstəliklərinə
səbəb ola bilər. Bu səbəbdən yatmadan əvvəl makiyajın mütləq təmizlənməsi və
gözü bol su ilə yumaq çox vacibdir.
Göz qapağı iltihabı müalicəsi
Göz qapağı iltihabı ev şəraitində asanlıqla müalicə olunan, lakin təkrarlana
bilən bir xəstəlikdir. Müalicə zamanı hər gün mütəmadi olaraq, isti, nəmli və təmiz
parça və ya pambıq ilə göz qapağına və kirpik diblərinə edilən yüngül bir
masajla kirpik dibinin təmizlənməsi vacibdir. Bu prosedur gündə 2-3 dəfə, 5 dəqiqə
olmaqla tətbiq olunmalı və kirpik dibləri şam ağacı ekstraktlı xüsusi
şampunlarla təmizlənməlidir. Əksər xəstələr bu xəstəliyin təkrarlanmaması üçün
ömür boyu gündəlik təmizlik prosedurunu davam etdirməlidirlər. Bundan əlavə
oftalmoloq tərəfindən təyin ediləcək antibiotik kremlər və ya steroid göz
damlaları da ağırlaşmaların qarşısını almaq və xəstəni rahatlatmaq üçün çox
böyük əhəmiyyətə malikdir. Göz quruluğu olduğu təqdirdə də, göz yaşı damlaları
yenə oftalmoloq tərəfindən tövsiyyə edilir.
Yaradılma Tarixi : 31.05.2022
Yeniləmə Tarixi : 28.01.2023