Orbital Lakrimal sistem və göz qapağı cərrahiyyəsi
Orbital Lakrimal sistem və göz qapağı cərrahiyyəsi
Okuloplastik cərrahiyyə (oftalmik plastik və rekonstruktiv cərrahiyyə), oftalmologiyanın (göz sağlamlığı və xəstəlikləri haqqında elm) bir alt sahəsidir. Bu cərrahiyyə sahəsi, göz qapağı, göz yaşı sistemi və orbital xəstəliklərin (göz ətrafındakı sümük və yumşaq toxumaların) diaqnozu və müalicəsi ilə məşğul olur. Okuloplastik cərrah, bir oftalmoloq və cərrah olmaqla yanaşı, göz ətrafındakı bütün toxumaların (göz qapaqları, göz yaşı kanalları, orbita, alın, qaş, yanaq, saç dərisi kimi) xəstəlikləri və müalicəsi sahəsində olan mütəxəssisdir.

Ümumi oftalmoloji təhsil ilə yanaşı okuloplastik cərrahi təhsili də almışdır. Plastik, yunan sözüdür və forma vermək deməkdir. Oftalmik plastik cərrah, göz ətrafı  ilə əlaqəli deformasiya əməliyyatları həyata keçirir.  


Göz qapaqları  

Göz qapaqları, görmə qabiliyyəti üçün lazım olan incə və mürəkkəb toxumalardır. Əsas funksiyaları gözü qorumaq və göz yaşının gözün səthi təbəqəsinə paylanmasını təmin etməkdir. Göz qapaqlarının forması və ölçüsü görüntü baxımından əhəmiyyətlidir. Göz qapaqlarının forması, funksiyası və görünüşü ilə əlaqəli pozğunluqlar anadangəlmə və ya müxtəlif səbəblərdən sonrakı illərdə inkişaf edə bilər. Deformasiyanın müalicəsi funksional və ya estetik ola bilər (görünüş səbəblərinə görə).  


Sallaq göz qapaqları və göz altı torbalar

Ümumi olaraq, bu tərz problem əsasən irsi və ya yaşlanmadan irəli gəlir. Siqaret və ya allergiya daha gənc yaşda göz qapaqlarının sallanmasına səbəb ola bilər. Göz qapağı ətrafındakı torbalarda boş dəri, əzələ, yağ və bəzi hallarda maye olur. Blefaroplastika bu növ problemləri aradan qaldırmaq üçün aparılan cərrahi əməliyyatdır. Funksional və ya kosmetik məqsədlər üçün istifadə oluna bilər.  


Göz konturu və alın qırışıqlıqları

Göz ətrafı və alındakı qırışıqlıqlar yaşla birlikdə, dəri dəyişikliyindən qaynaqlanır. Dəri altı əzələlərin həddindən artıq daralması da dəridəki qırışıqlıqları artıran bir  başqa amildir. Dəridəki qırışıqlıqları ortadan qaldırmaq  üçün botulinum toksin inyeksiyaları, dolğu maddələri və müxtəlif cərrahi üsullar istifadə edilə bilər. Botulinum toksin inyeksiyaları əzələlərin həddindən artıq daralmasının qarşısını alır. Hər iki müalicə də ambulator qaydada tətbiq olunur və müalicədən sonra, xəstə normal gündəlik həyatına davam edə bilər.  


Göz qapaqlarının istəmsizcə daralması (Blefarospazm)

Bu problemə daha çox qadınlarda rastlanır və əsasən 40 yaşından sonra ortaya çıxır. Səbəbi isə göz qapaqlarını əhatə edən əzələlərin, xəstədən asılı olmayaraq həddindən artıq daralmasıdır. Xəstələr, gündəlik həyatlarını qorumaqda çətinlik çəkir və başqasının köməyinə ehtiyac duyurlar. Əvvəlcə müalicə üçün botulinum toksini adlanan dərmanlar istifadə olunur. Bu dərman göz qapağına və ətrafına müəyyən nöqtələrə inyeksiya edilir və göz qapağı əzələlərinin həddindən artıq daralmasının qarşısını alır. Dərmanın təsir müddəti 3-4 aydır. Bu müddətdən sonra müalicə təkrarlana bilər.  


Yuxarı göz qapağının düşməsi və ya sallanması (Ptozis)

Ptozis yuxarı göz qapağı səviyyəsinin normadan aşağı olmasıdır. Bu problem, göz bəbəyini örtərək görmənin qarşısını alır. Daha ağır hallarda, görməni təmin etmək üçün başın vəziyyəti və ya göz qapağı əllə qaldırılaraq dəstək alınır.

Göz qapağı sallanması, göz qapağını qaldıran əzələnin kifayət qədər inkişaf etməməsi səbəbiylə anadangəlmə və ya yaşa bağlı ola bilər. Anadangəlmə olan hallarda, zəif əzələni qısaltmaq və ya daha ağır hallarda qapaq asqı metodundan istifadə etmək lazımdır. Katarakt və dekolman kimi göz əməliyyatlarından sonra göz qapağı enməsi inkişaf edə bilər.  


Qaş enməsi

Üzün digər hissələri kimi, qaşlar da yaş artdıqca elastikliyini itirərək, sallanmağa başlayır. Qaşların enməsi, yuxarı göz qapağının açılmasına mane olacaq qədər ağır ola bilər. Alın və ya qaş gərdirmə-qaşı bərpa edən cərrahi prosedurlardır. Bu prosedur, blefaroplastika ilə və ya tək olaraq da həyata keçirilə, funksional və ya kosmetik səbəblərdən ola bilər.  


Göz qapaqlarının xaricə dönməsi (Ektropion)

Alt göz qapağı xaricə dönərsə və gözlə təmas kəsilərsə, göz yaşının paylanması kifayət qədər olmaz. Bu hal, quru göz və infeksiyaya səbəb ola bilər. Yaşarma, batma və yanma kimi simptomlar ortaya çıxa bilər. Cərrahi müdaxilə yolu ilə qapağın vəziyyəti bərpa olunur.  


Göz qapaqlarının içə dönməsi (Entropion)

Göz qapaqlarının və kirpiklərin içə dönməsi, gözün səthi təbəqələrində zədələnməyə, batma, yaşarma, ağrı kimi simptomlara, daha ağır hallarda isə korneada (gözün şəffaf təbəqəsi ) yaranın formalaşmasına və görmə qabiliyyətinin itməsinə səbəb ola bilər. Bu problem, cərrahi üsulla da ortadan qaldırıla bilər.    


Göz qapağının çox açılması (qapaq retraksiyası)

Qapaq retraksiyası göz quruluğuna səbəb olur. Səbəbi, əsasən tiroid (guatr) xəstəliyidir. Qapaq enməsi əməliyyatından sonra həddindən artıq düzəliş nəticəsində də baş verə bilər.  


Yara toxuması (Nedbe)

Okuloplastik cərrahlar, yara izlərini əməliyyat, lazer və ya dermabraziya kimi üsullarla ortadan qaldıra bilər.  


Gözqapağı yaralanması

Okuloplastik cərrahlar, göz qapaqlarını və ətrafındakı yaralanmaları və bununla əlaqəli deformasiyaları ən estetik və funksional şəkildə ortadan qaldıra bilirlər.


Göz qapağı xərçəngi

Göz qapağı dərisində xərçəngə tez-tez rastlanır və son zamanlarda bu hal tədricən artmağa başlayıb. Göz qapaqlarında əmələ gələn və böyüyən kütlələr şiş ehtimalı səbəbindən ətraflı müayinə edilməlidir.

Okuloplastik və rekonstruktiv cərrah, bu şişləri aradan qaldırmaq və göz qapağını bərpa etmək üçün müxtəlif üsullardan istifadə edir. Bütün şişlərdə olduğu kimi, erkən diaqnoz və müalicə vacibdir.  


Göz yaşı sistemi

Göz sağlamlığı üçün gözün nəm olması vacibdir. Göz ətrafındakı göz yaşı vəzilərindən göz yaşları ifraz olunur. Bu vəzilər, gözün üst xaric tərəfində, göz qapağının altında yerləşən göz yaşı vəziləridir. Hər dəfə göz qırpdığımız zaman gözyaşı, gözün səthi  təbəqələrinə yayılır, eyni zamanda buruna yaxın alt və üst qapaqda yerləşən kiçik dəliklərdən göz yaşı kanalına göndərilir. Göz yaşı kanalı buruna açılır. Ağladığımız zaman, buruna maye gəlməsinin səbəbi bu kanaldır. Göz yaşı kanalını açmaq mümkün olmadığı təqdirdə, göz qapağının içindən buruna süni kanal açılır. Bu problemi həll etmək üçün John-Pyrex borusu istifadə olunur. Lakrimal sistem xəstəlikləri okuloplastik əməliyyatın mövzusudur. Sizin vəziyyətə uyğun olaraq ən yaxşı müalicəni okuloplastik cərrahınız təyin edir.


Körpələrdə və uşaqlarda gözün sulanması (anadangəlmə Dakryostenoz)

Göz yaşı vəzi kifayət qədər göz yaşı istehsal edir, kanal tıxandığı təqdirdə, göz yaşı üzə axır. Yeni doğulan körpələrdə göz yaşı kanalı qapalı ola bilər. Bir çox hallarda, kanal bir neçə aydan sonra özü avtomatik olaraq açılır. Açılmadığı təqdirdə, masaj, zondlama, silikon boru ilə intubasiya və ya əməliyyat kimi ən uyğun üsul seçilərək, problem həll oluna bilər. Erkən dövrdə (ilk 12 ay) müalicə, sadə üsullarla həyata keçirilə bilər. Qeyri-adekvat müalicə olunmuş xəstələrin, infeksiyaya yoluxma riski vaxt keçdikcə artır və bu problem gözün digər hissələrinə də təsir edə bilər. Belə halda və 1 yaşa qədər davam edən sulanma hallarında ilk növbədə kanala sedasiya altında zondlama tətbiq olunmalıdır. Sulanma davam edərsə, təkrarən zondlama, eyni zamanda kanala silikon boru tətbiq oluna bilər. Bu müalicə üsulu ilə 95% müvəffəqiyyət əldə etmək mümkündür.  


Quru göz

Göz yaşı vəzi kifayət qədər göz yaşı ifraz etmədiyi zaman, gözlərdə quruluq olur. Gözdə yanma, batma, yad cisim hissi yaranır. Bu problemi aradan qaldırmaq üçün göz yaşı damlalarından istifadə olunur. Əlavə olaraq, göz yaşı kanalının ağızları qapana bilər. Digər müalicə üsulları sonrakı dövrlərdə də tətbiq oluna bilər.  


Orbita

Gözü əhatə edən sümük və yumşaq toxumalara orbita deyilir. Bir çox xəstəlik göz orbitinə təsir göstərə bilər. Göz bəbəyi, göz bəbəyi ətrafında və ya arxasında genişlənən toxumalara görə yer dəyişir və hərəkətdə məhdudiyyət ola bilər. Bununla əlaqədar olaraq, xəstə cüt görməkdən şikayət edə bilər.  


Tiroidlə əlaqəli göz xəstəliyi

Bu xəstəlik həm tiroid vəziyə, həm də göz ətrafındakı toxumalara (orbita) təsir göstərir. Tipik bir xəstədə, tiroid vəzi böyüyür (guatr), qanda tiroid hormonları artır və gözlər önə doğru çıxır (proptozis). Gözün önə çıxmasının səbəbi göz əzələlərinin qalınlaşması və göz ətrafındakı yağ toxumalarının artmasıdır. Göz hərəkətləri məhdudlaşa və xəstə cüt görməyə başlaya bilər. Daha da irəliləmiş vəziyyətlərdə, göz siniri üzərindəki həddindən artıq mövcud olan təzyiq səbəbiylə görmə qabiliyyəti zəifləyə bilər. Bu xəstəlik, müxtəlif dərmanlar və cərrahi üsullarla müalicə olunur.  


Orbital şişlər

Orbital toxumaların şişləri böyüdükcə, gözü xaricə itələyir və ya nadir hallarda göz içə sıxışdırılır. Göz hərəkətləri məhdudlaşır. Orbital şişlərin diaqnozu və müalicəsi zamanı kompleks cərrahi prosedurlara ehtiyac yarana bilər. Bu şişlərin əksəriyyəti xoşxassəlidir və cərrahi yolla aradan qaldırıla bilər.  


Orbital yaralanmalar və qırıqlar

Gözün qorunması üçün ən vacib amil, sümük çərçivəsi və içindəki yağ yastıqları, yəni orbitadır. Orbital yaralanmalar və qırıqlar təxirə salınmadan ən qısa müddətdə müalicə olunmalıdır.  


Göz itkisi

Yaralanma, şişlər və ya digər göz xəstəlikləri, göz içi toxumaların boşaldılmasını və ya gözün tamamilə çıxarılmasını tələb edə bilər. Bunu qəbul etmək psixoloji cəhətdən çətin bir vəziyyətdir. Rəng ​​və ölçü cəhətdən digər gözlə uyğunlaşa bilən süni bir göz (protez) bu vəziyyəti asanlaşdıra bilər.
Günümüzdə göz protezləri, illər əvvəl gözləri çıxarılan xəstələrə də tətbiq oluna bilər.  


Göz qapağı estetikası-Blefaroplastika

Yaşlılıqla əlaqədar və ya irsi amillərə bağlı olaraq, daha gənc yaşda göz qapağında torbalanma, bəzən isə sadəcə sallanma və ya qırışlar əmələ gələ bilər. Göz qapağı dərisi, üzümüzün ən incə və ən hərəkətli hissəsi olduğundan yerin cazibə qüvvəsi səbəbi ilə sürətlə incəlir, sallanır və göz qapağının altındakı əzələ təbəqəsi zəifləyir və yaşlanır. Göz qapaqlarını dəstəkləyən toxumaların zəifləməsi nəticəsində, göz ətrafındakı yağ yastıqları irəli gəlir və qapaqlarda torbalanma olur. Göz qapaqlarının estetik əməliyyatı, yəni blefaroplastika, bütün bu problemləri düzəltmək üçün göz qapağına tətbiq olunan cərrahi bir əməliyyatdır. Blefaroplastika yaşlı insanlarda funksional səbəblərdən və gənclərdə isə kosmetik səbəblərdən həyata keçirilir. Lokal anesteziya altında edilən bu əməliyyatın və xəstənin sağalma müddəti qısadır və üzün cavanlaşmasında əla nəticə verir.    

Göz qapaqlarının torbalanması və sallanması təkcə kosmetik deyil, həmçinin göz sağlamlığı problemidir. Bəzən yuxarı göz qapağının dərisi, kirpikləri keçərək sallanır, bu da gözdə ağırlıq hissinə və görmə problemlərinə səbəb ola bilər. Yaşlanma ilə əlaqədar olaraq  alın dərisində elastik toxuma itkisi alnın və ən əsası qaşın enməsinə səbəb olur. Bu vəziyyətə qaş ptozisi deyilir. Xəstələr qaşlarını qaldırmaq üçün istəmədən alın əzələlərini uzun müddət dartırlar, bu da qaş və baş ağrılarına və alında qırışıqlıqların yaranmasına səbəb ola bilər. Qaş ptozu və üst qapaqdakı artıq dəri görmə sahəsinin yuxarı və xarici hissəsini daralda bilər. Görmə sahəsinin daralması maşın sürməyi və oxumağı çətinləşdirir. Görmə sahəsindəki daralmanı düzəltmək üçün xəstə qaşlarını istəmədən qaldırmaq məcburiyyətində qalır, bu da xüsusilə axşam saatlarında xəstənin yorulmasına səbəb olur. Alt göz qapağı dərisində genişlənmə, qapaq kənarını aşağı çəkərək, gözün ağ hissəsinin daha çox görünməsinə səbəb olaraq, xəstəyə fərqli görünüş qazandırır. Yaşlanma ilə əlaqədar olaraq toxumaların zəifləməsi və boşalması ilə alt qapaq kənarı xaricə dönə bilər və qapağın xarici hissəsinin içəri və aşağıya doğru sürüşməsinə səbəb ola bilər. Qapaqdakı bu dəyişikliklər xəstənin üzündə yorğun bir ifadəyə səbəb olur. Okuloplastik cərrah bu xəstələrdə blefaroplastika edərkən, aşağı göz qapağındakı bu problemləri düzəltmək üçün də lazımi cərrahi əməliyyatları həyata keçirir.  

Blefaroplastika əməliyyatından qabaq insanlar tiroid xəstəliyi, ürək çatışmazlığı, hipertoniya və qanaxmaya meyllilik  kimi xəstəliklərlə əlaqədar sorğu-sual edilməlidir. Bundan əlavə, gözləri nəmləndirmək üçün kifayət qədər göz yaşı ifraz edə bilməyən xəstələrə daha diqqətlə yanaşmalı və bu prosedur təcrübəli bir okuloplastik cərrah tərəfindən həyata keçirilməlidir. Yüngül göz quruluğu olan insanlarda, blefaroplastika edilərkən gözün nəmlənmə səviyyəsi normal olan insanlara  nisbətən daha az dəri və yağ toxuması alınmalıdır. Əks təqdirdə gözün quruluğu artar və görmə problemləri yarana bilər. Eyni zamanda, bu xəstələrə gözlərində uzun müddət qıcıqlanma ola biləcəyi və müəyyən müddət gözyaşardıcı damcılardan istifadə etmələri bildirilməlidir. Aspirin, iltihab əleyhinə dərmanlar, E vitamini, antikoagulyantlar və bitki mənşəli dərmanlar, əməliyyat zamanı və sonrasında qanaxmaya səbəb ola biləcəyi üçün bir həftə əvvəl dayandırılmalıdır. Kontakt linza istifadə edən xəstələrə blefaroplastika əməliyyatından sonra linzaların bir müddət dayandırılması bildirilməlidir.  


Əməliyyat

Blefaroplastika əməliyyatı tez-tez lokal anesteziya altında aparılır və təqribən bir saat ərzində başa çatır. Əməliyyatdan sonra qanaxmanın qarşısını almaq üçün həkimlə məsləhətləşərək aspirin istisna olmaqla digər ağrıkəsicilər qəbul edilə bilər. Qapaqların şişməməsi üçün eyni gündə soyuq kompres tətbiq olunmalı və 2-3 həftə baş yüksək yerdə saxlanılmalıdır. Tikişlər əməliyyatdan 5-7 gün sonra həkim tərəfindən açılır. Yerli süni göz yaşları, əməliyyatdan sonra 2-4 həftə ərzində gözü qorumaq üçün istifadə olunur.

Yaşla birlikdə inkişaf edən qaş və ya üst qapağın enməsi, alt qapağın kənarında xaricə dönmə kimi problemlər də blefaroplastika ilə ortadan qaldırıla bilər.
Yaradılma Tarixi : 07.05.2022
Yeniləmə Tarixi : 30.03.2023
Redaktor : Yeliz Yiğit
Bu internet sitesi veri politikalarına uygun çerezler kullanır. Bu internet sitesine bakmaya devam etmeniz, çerez kullanımımızı kabul ettiğiniz anlamına gelir. Detaylar için tıklayınız.
x
Əlaqə Forması COVİD-19 Tədbirləri