Kontakt Linza
Kontakt linzalar gözün qüsurlarını düzəltmək üçün eynəklərə alternativ
olaraq istehsal olunan, buynuz qişanın ön səthinə qoyulmuş süni linzalardır. Refraktiv
qüsurlarının ortadan qaldırılmasından əlavə, kosmetik və ya bəzi kornea
xəstəliklərinin terapevtik aspektləri üçün də istifadə oluna bilər. Kontakt
linzanın əsas iş prinsipi, kornea əyriliyinin miopiya və ya hiperopiya
dərəcəsinə görə kontakt linzanın səthi ilə əvəz edilməsi və beləliklə mövcud
qüsurun düzəldilməsidir.
Astiqmatizmdə, əsasən korneanın ön səthinin təhrif edilməsi nəticəsində
meydana gəldiyi üçün sərt kontakt linza və ya astiqmatizm qüsurunu düzəldən,
xüsusi olaraq istehsal olunan yumşaq linzaların (torik linzalar) istifadəsi
tələb olunur. Presbiyopiya olaraq adlanan, əsasən 40 yaşdan sonra meydana gələn,
yaxın məsafəni görmə problemini aradan qaldırmaq üçün istehsal olunan kontakt
linzalar da var.
Kontakt linzanın yaranma hekayəsi
Kontakt linzalar getdikcə daha çox istifadə olunan və gözün şəffaf təbəqəsi
olan kornea üzərində yerləşdirilən kiçik plastik linzalardır. Bu gün gözlərində
problem olan, bir çox insan eynək əvəzinə linzalara üstünlük verir. Kontakt linza,
ilk dəfə 1508-ci ildə Leonardo da Vinçi tərəfindən ixtira olunub. Gözlə təmasda
olan su ilə doldurulmuş linzalardan istifadə edərək, əsas optik prinsipləri
müxtəlif rəsmlərlə izah edən “Göz kodeksi” adlı sənədi hazırladı. Kontakt
linzalar bu gün çox inkişaf etmişdir.
Leonardo da Vinçidən 100 il sonra, Rene Descartes görmə problemlərini həll
etmək üçün kornea linzası fikrini inkişaf etdirdi. Təxminən 170 il sonra Thomas
Young, Descartes-in fikrini inkişaf etdirərək, ilk obyektivi yaratdı. Ancaq o
zamana qədər hazırlanmış və ya inkişaf etdirilmiş linzalar hələ gözə taxıla
bilmirdi.
1887-ci ildə Almaniyada bir şüşə istehsalçısı olan August Muller, taxıla
bilən və göz tərəfindən qəbul edilə bilən bir kontakt linza inkişaf etdirdiyini
elan etdi. Tibb elmində etdiyi bu kəşfinə görə ona fəxri həkim adı verildi.
Bundan sonra linzalarla əlaqəli dizayn və inkişaflar bütün dünyada sürətləndi.
1948-ci ildə ABŞ-da buynuz qişanın yalnız bir hissəsini əhatə edən
plastikdən hazırlanmış sərt kontakt linzalar Kevin Tuohy tərəfindən istehsal
edilmişdir. Bu inqilabi addımla kontakt linzalarda bir çox dəyişiklik baş
verdi. Sohnges (Almaniya), Neill (ABŞ) və Dickinson (UK) mikro kornea
linzalarının qabaqcılları oldular.
Linza istehsalı texnologiya ilə böyüməyə davam etdi və 1960-cı illərdə Otto
Wichterlə Drahoslav Lim plastik, su
əmici, yumşaq kontakt linzalar istehsal etdilər. Bu kəşf ,bu gün
istehsal olunan kontakt linzalara ilham verdi. 1970-ci ilə qədər miopiya və
hiperopiya üçün linzalar istehsal olunurdu.
1978-ci ildə ABŞ-da astiqmatizm xəstələri üçün ilk torik kontakt linzalar
istehsal edildi. Daimi linzalar 1975-ci ildə istehsal edilmişdir. Yumşaq və
rəngli linzalar 1980-ci illərdə satışa çıxdı. Bazarda müvafiq olaraq GGS
linzalar və Bifokal linzalar meydana çıxdı. 1990-cı illərdə ilk çoxməqsədli linzalar
ortaya çıxdı.
Üç növ linza var: sərt, yumşaq və yarı yumşaq linzalar. Sərt linzalar
polimetilmetakrilatdan, yumşaq linzalar Hema (hidroksimetakrilat) və Hydrondan,
və yarı yumşaq linzalar isə Cap(selüloz asetat butirat)dan hazırlanır.
Silikondan hazırlanmış linzalar da mövcuddur.
Linzaların bir-birlərinə və eynəklərə görə müsbət və mənfi tərəfləri var. Eynəkdən
fərqli olaraq linza ilə daha aydın görmə əldə edilir. Eynəklərin gicgah və
burun üzərindəki ağırlığı və təzyiqi kontakt linzalarda mövcud deyil. Görmə
sahəsi daha genişdir. Kontakt linzanın mənfi tərəfləri əsasən daha diqqətli
olmaq, öyrəşənə qədər bəzi problemlərin olması və ən əsası günün sonunda
korneanın oksigen almasını çətinləşdirdikləri üçün çıxarılması lazımdır. Son
zamanlarda davamlı istifadə edilə bilən yumşaq linzalar istehsal olunur.
Kontakt linza xarakteristikaları
Kontakt linza taxmaq üçün hər kəs uyğun göz quruluşuna sahib deyil. Göz
ətrafındakı iltihablı problemlər linza səbəbiylə buynuz qişanın iltihabına
səbəb olduğundan bu problemlər əvvəlcə həll olunmalıdır. Gözlərimizi əhatə edən
konyuktivitin quruluşu (bunu ağ kimi görürük) da sağlam olmalıdır. Konyuktivitin
quruluşu ciddi allergik və ya revmatik xəstəliklər səbəbiylə zədələnirsə,
kontakt linzaların taxılması uyğun deyil. Bütün bu meyarlar oftalmoloq
tərəfindən ətraflı müayinə ilə müəyyənləşdirilir və qiymətləndirilir.
Kontakt linza nə qədər müddət istifadə edilə bilər?
Kontakt linzaların öz istifadə müddətləri var, gündəlik və aylıq kimi linza
növləri istifadə edilə bilər. Bununla birlikdə, linzaların istifadəsi bir
müddət sonra rahatlığını itirirsə, digər müalicə metodları tətbiq oluna bilər. Daha
qalıcı cərrahi üsullar da mövcuddur.
Kontakt linza istifadəsi çətindir?
İlk dövrdə linzanı taxıb-çıxarmaq bir az çətin ola bilər, ancaq nizamlı
təlimatlara əməl etməklə heç bir çətinlik olmayacaq. Ancaq linzalardan istifadə
edərkən ən vacib məsələ gigiyenadır. Linzanın təmizlənməsi və baxımı çox
vacibdir və dəqiqliklə tətbiq olunmalıdır. Linzalarla yatmamaq, hovuzda,
dənizdə üzməmək və ya duş qəbul etməmək də vacibdir. Eyni zamanda gözlərinizdə
uzun müddət qalan linzaları təmizləməyiniz, göz quruluğu yaradacağına görə evə
gələn kimi çıxardıb, gözlərinizi rahatlamağınız vacibdir.
Kontakt linza sularına ehtiyac varmı?
Xüsusi kontakt linza suları və tabletləri sayəsində linzaların təmizlənməsi
mümkündür. Gündəlik istifadə olunan linzalarınızı axşam təmizləməyə ehtiyac
yoxdur.
Kontakt linza müayinəsi
Normal göz müayinəsi xaricində kontakt linza testi və xəstənin kornea
ölçülərinin qiymətləndirilməsi mümkündür. Çünki kontakt linzalar da eynək
nömrələri kimi fərdi və ediləcək ölçmə nəticəsində təyin olunur. Hər marka hər göz
üçün uyğun olmaya bilər və bunun üçün birdən çox sınaq tələb olunur.
Kontakt linza növləri
Bu gün ən çox istifadə olunan iki növ linza var.
• Qaz keçirən sərt linzalar: gözlərin oksigen qəbul etməsinə imkan
verdikləri üçün belə adlandırılırlar. Bu keçiricilik sayəsində, kornea epiteliya metabolizmasına bu gün istifadə olunmayan sərt
linzalardan daha az zərər verirlər. Sərt quruluşlarına, kornea formasını
almadıqlarına görə yüksək dərəcəli astiqmatizm və keratokonus hallarının
müalicəsində üstünlük verilir.
• Yumşaq linzalar: Bu növ linzalar istifadə növünə və tezliyinə görə bir
çox alt kateqoriyaya bölünür: birdəfəlik istifadə edilən bir günlük, gündəlik
istifadə edilən aylıq linzalar, gündəlik istifadə edilən illik linzalar, bəzi
kornea xəstəliklərinin müalicəsi üçün istifadə olunan terapevtik, bifokal
adlanan, yaxını görməni də təmin edən rəngli linzalar. Yumşaq linzaları taxmaq
daha rahatdır. Refraktiv qüsurlarını aradan qaldırmaq üçün istifadə olunan
əksər kontakt linzalar rəngsizdir və taxıldıqda gözün görünüşünü dəyişdirmir.
Gözdə qaldıqları müddətcə qüsuru aradan qaldıraraq görüntünü aydınlaşdırırlar.
Kontakt linza istifadəsinin üstünlükləri
• Linzalardan istifadə edən şəxslər, obyektləri həqiqi ölçüdə görürlər.
• Eynəklərdə yan baxış bucağı zəif olsa da, kontakt linzalar daha geniş bir
görüş sahəsi təklif edir.
• Eynək taxan insanlar çərçivə və linza kənarlarının yaratdığı hissdən
şikayətlənərkən, kontakt linzaların istifadəsində oxşar maneələrə rast
gəlinmir.
• Eynəyin yaratdığı ağırlıq hissi, kontakt linzalarda olmadığı üçün narahat
etmir.
• Kontakt linzalarda, soyuqdan isti mühitə keçid zamanı eynəklərdəki kimi buxarlanma
yaranmır.
• İdman, rəqs və s. aktiv fəaliyyətlər zamanı, eynəklərin üzünüzdən düşmə
təhlükəsi var. Kontakt linzaların istifadəsində belə bir təhlükə yoxdur.
• Eynək taxan insanların günəş eynəyindən istifadə etməsi çətindir. Bunun
əksinə, kontakt linzaların istifadəsində heç bir çətinlik olmur.
Kontakt linza alarkən diqqət edilməsi vacib olan
məqamlar
Gözlər üçün uyğun olmayan linzaların seçilməsi, ehtimal ki, müxtəlif
problemlərə səbəb olacaqdır. Bu səbəblə, kontakt linzanın növündən və ya
təyinatlı istifadəsindən asılı olmayaraq, mütəxəssis həkim tərəfindən tövsiyə
olunan uyğun xüsusiyyətləri olan kontakt linzalar alınmalıdır.
Mütəxəssis həkim
müayinəsi zamanı, insanın gözü üçün ən uyğun ölçü və xüsusiyyətlərə malik olan
kontakt linzalar müəyyən olunur və sınaq linzaları ilə kontakt linzaların gözlə
uyğunluğu qiymətləndirilir. Hər şey qaydasındadırsa, kontakt linza resepti
verilir. Bundan əlavə, linzaları taxmaq, çıxarmaq və təmizləmək kimi təlimatlar
da verilir. Kontakt linzalar eynəksiz həyat yaşamaq istəyən, ancaq refraktiv
əməliyyat üçün uyğun olmayan və ya invaziv bir metoddan qaçmaq istəyən insanlar
üçün faydalı və estetik vasitədir. Lakin seçimi, baxımı və istifadəsi düzgün
aparılmadıqda quru gözlər və qızartı bəzən qalıcı görmə itkisinə səbəb ola
biləcək göz infeksiyalarına səbəb ola bilər.
Problemsiz linza istifadəsi üçün qaydalar
• Linzalar, oftalmoloq tərəfindən tövsiyə
olunan saatlarda taxılmalı və gözlərdə uzun müddət saxlanılmamalıdır.
• Gözlərdə narahatlıq yaratmasa belə,
kontakt linzanın istifadəsi təyin olunan müddəti keçməməlidir.
• Periodik kontakt linza müayinələri, mütəmadi
olaraq həyata keçirilməlidir.
• Linzaları taxma və çıxarma prosedurundan
əvvəl, əllər sabun və su ilə yaxşıca təmizlənməlidir.
• Linzalar hər dəfə çıxarılaraq, xüsusi məhlulla
yuyulmalı və bu məhlulun içində saxlanmalıdır.
• Fərqli linza qulluq metodları birlikdə tətbiq
edilməməli və ya oftalmoloq tərəfindən tövsiyə olunan metoddan istifadə edilməlidir.
• Kontakt linzalar, fərdidir, başqaları ilə
paylaşılmamalıdır.
• Aerozolların və spreylərin linzalarla təmasından
çəkinin.
• Makiyajdan istifadə edərkən göz qapaqlarının
daxili hissələrinə diqqət yetirilməli və makiyaj materialının linza ilə təmasından
qaçınılmalıdır. Əvvəlcə kontakt linzalar taxılmalı və bundan sonra makiyaj
edilməli, makiyaj təmizlənərkən, mərhələli şəkildə əvvəlcə kontakt linzalar,
daha sonra makiyaj çıxarılmalıdır.
• Oftalmoloq tərəfindən tövsiyə olunmayan
hər hansı bir dərman və damla istifadə edilməməlidir.
• Linza suyu şüşəsinin ucu barmaqlarla və
linzalarla təmasda olmamalıdır.
• Gözlərdə narahatlıq yaranarsa, kontakt
linzaların istifadəsi dayandırılmalı və bu narahatlıq davam etdiyi təqdirdə,
oftalmoloqa müraciət edilməlidir.