Uşaqlarda göz sağlamlığı
Uşaqlar,
anadangəlmə görmə problemi ilə dünyaya gələ bilər. Erkən diaqnoz göz xəstəliklərinin
müalicəsi üçün çox vacibdir. Ümumiyyətlə, körpələr 3-4 yaşına qədər oftalmoloqa
ehtiyac duymazlar. Bununla birlikdə, bəzi genetik mənşəli göz xəstəlikləri və
ya fərqli mənbələr erkən aşkar edilə və tamamilə müalicə edilə bilər. Gec aşkar
olunan hallarda, bu müalicələrin daha çətin olduğu bilinir.
Körpənin
gözündə rəng dəyişikliyi, ləkə, sulanma, çirklənmə və ya struktur pozğunluğu varsa
(çəpgözlük, göz qapağının sallanması və s.), dərhal oftalmoloqa müraciət edilməlidir.
Uşaqlarda
görmə qabiliyyətinin inkişaf etdiyi və oturduğu kritik dövr adlanan 0-4 yaş
arasındakı dövrdə; yaşlılıq xəstəliyi olaraq bilinsə də, ilk aydan etibarən
edilən müayinədə katarakt, göz təzyiqi və bəzi retina xəstəlikləri ortaya çıxa
bilər. Bu xəstəliklər ilk 2 ayda görmə qabiliyyətinə təsir edərək ciddi və dərin
göz tənbəlliyinə səbəb ola bilərlər.
Körpələrdə
və ya uşaqlarda meydana gələn çəpgözlük, başqa xəstəliklərin də göstəricisi ola
bilər. Sinir xəstəlikləri, retinada baş verən pozğunluqlar, beyin şişləri,
beyindəki damar anevrizması da sonradan çəpgözlüyə səbəb ola bilər. Anadangəlmə
çəpgözlük ilk 6 ayda ortaya çıxan və daha çox cərrahi əməliyyatla ortadan
qaldırılan problemdir. Çəpgözlüyün 2-3 yaşında ortaya çıxan növü, eynək vasitəsilə
müalicə olunur.
Hətta
5-6 aylıq bir körpənin görmə qüsuru, çox yüksək dərəcəlidirsə ona eynək verilir.
Bundan əlavə, baglama müalicəsi də tətbiq olunur. Sağlam gözü və ya görmə
qüsuru olan gözü müəyyən aralıqlarla bağlayaraq, digər gözün funksiyasını
artırmaq və beləliklə tənbəl gözün qarşısını almaq hədəflənir. Bütün bunlara
baxmayaraq, istənilən irəliləyiş əldə olunmazsa, çəpgözlük əməliyyatı tətbiq
olunur.